Logo

Icon

Telefon I

+994 55 808 03 03

Icon

Telefon II

+994 77 808 03 03

Icon

Ünvan

Zəfəran Hospital,
Bakı, Azərbaycan


Varikoz damarların müalicəsi

Varikoz nədir?

Varikoz damarları, cəmiyyətin əksər hissəsində rast gəldiyimiz həm estetik, həm də funksional şikayətlərə səbəb olan bir problemdir. Aşağı ətraf vena damarlarında yetməzlik və deformasiyalar nəticəsində yaranan varikoz problemi insanın gündəlik həyatına da əhəmiyyətli dərəcədə təsir edir.

Varikoz damarları adətən ayaq damarlarında venoz reflüks problemi nəticəsində, çirkli qanın ürəyə qayıtmasında olan problemdir. Çirkli qan bütün bədəni təmizləmək və ağciyərlərə daxil olmaq üçün ürəyə qayıtmalıdır. Qan aşağıdan yuxarıya doğru gedərkən damar içərisindəki klapanlar zədələndiyi üçün qan geri axmağa başlayır və damarlarda təzyiq yaradır, onları deformasiya edir. Damar deformasiyaya uğradıqca, sızma daha da artar və bu proses təkrarlanmağa davam edər.

Varikoz damarlarının xəstədə yaratdığı problemləri aşağıdakı kimi sıralamaq olar:

  • Ayaqlarda yanma, ağrı və təzyiq hissi
  • Dərinin altında bənövşəyi və yaşıl damarların görünməsi
  • Dərinin altında uzanmış, qıvrılmış və sıxılmış damarlar görmək
  • Gecə spazmları
  • Ayaqlarda yorğunluq və pulpasiya (döyüntü) hissi
  • Ödem
  • Qaşınma

Varikoz damarları nədən yaranır?

Varikoz damarlarına səbəb olan bir çox amil var. Bunları aşağıdakı kimi sıralamaq olar:

  • Genetik faktorlar
  • Cinsiyyət (qadınlarda daha çox rast gəlinir)
  • Hərəkətsizlik
  • Yaşlanmaq
  • İdeal çəkidən artıq olmaq
  • Yetkinlik, hamiləlik və ya menopauza kimi güclü hormonal dəyişikliklərin baş verdiyi dövrlər
  • Travmatik hadisələr (damar zədələri)

Eyni zamanda varikoz probleminin meydana gəlməsində uzun müddət oturmaq, uzun müddət ayaq üstə durmaq, çox dar paltarlar və çox dikdaban ayaqqabı seçmək, qəbizlik də rol oynaya bilər. Bütün bunlar həyat tərzində bəzi dəyişikliklər etməklə aradan qaldırıla bilər.

Varikoz damar diaqnozu necə qoyulur?

Bu gün varikoz damarlarının diaqnostikasında bir çox radioloji müayinələrdən istifadə olunur. Bu müayinələr arasında ən yüksək informativliyə malik diaqnostik üsul rəngli Doppler ultrasəs müayinəsidir. Rəngli Doppler ultrasəs müayinəsində xəstə uzanıqlı və ya ayaq üstə olmalıdır. Varikoz damarlarının dəqiq diaqnostikası üçün istifadə edilən Rəngli Doppler ultrasəs müayinəsi damarların strukturunu, əmələ gələn laxtalanmaların, qapaq qüsurlarının və sızmaların müəyyən edilməsində mühüm rol oynayır.

Varikoz damarlarının diaqnozu üçün nadir hallarda kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və venoqrafiya müayinəsi kimi üsullardan istifadə oluna bilər. Varikoz damarlarının müalicəsinin uğurla həyata keçirilməsində diaqnostika prosesi böyük əhəmiyyət kəsb edir. Belə ki, diaqnoz prosesində problemli damarın aşkarlanması ilə yanaşı, hansı müalicə üsulunun tətbiq ediləcəyinə də qərar verilir.

Varikoz damarlarının müalicəsi

Varikoz problemi xəstələrin çoxunda uzun illər heç bir şikayətə səbəb olmadan irəliləyə bilər, bəzi xəstələrdə isə gündəlik həyat fəaliyyətlərini pozan simptomlara yol aça bilər. Kosmetik şikayətlər, ayaq spazmları, ayaqlarda xroniki yorğunluq və ya ağrı problemləri ilə yanaşı, müalicə olunmayan varikoz damarlar zamanla laxtanın ağciyərlərə atılması və ya yaraların açılmasına səbəb ola bilər. Bu səbəblə varikoz damar problemi nəzarət altına alınmalı, effektiv tibbi üsullar tətbiq edilməli və müalicə planlaması düzgün həyata keçirilməlidir.

Günümüzdə varikoz damarlarının müalicəsində müxtəlif üsullardan istifadə olunur. Varikoz damarlarının müalicəsində iki əsas məqsədimiz var. Bunlar, damar çatışmazlığını müalicə etmək və varikoz probleminin təkrarlanmasının qarşısını almaqla xəstənin şikayətlərini aradan qaldırmaqdır.

Varikoz damarlarının müalicəsində hansı üsullardan istifadə olunur?

Varikoz damarlarının müalicəsində cərrahi və qeyri-cərrahi üsullardan istifadə edilə bilər. Bu üsullar aşağıdakı kimi tətbiq olunur:

Varikoz damarlarının cərrahi müalicəsi

Cərrahi müalicə, varikoz damar probleminə səbəb olan damarı müəyyən etdikdən sonra topuq və qasıqda edilən kiçik kəsiklər vasitəsilə damar uclarının bağlanması və çıxarılmasına əsaslanır. Bu üsul adətən anesteziya altında həyata keçirilir.

Varikoz damarlarının müalicəsində cərrahi üsul uzun illərdir istifadə edilən klassik üsuldur. Hazırda bu üsula üstünlük vermirik. Hal-hazırda həm anesteziya tətbiqi, həm də kəsik açılması baxımından çox daha rahat üsullar inkişaf etdirilmişdir.

Lazer üsulu

Varikoz damarlarının lazerlə müalicəsinin digər adı EVLA-dır. Endovenoz Lazer Ablasiya (EVLA) varikoz damarlarının müalicəsi üçün istifadə edilən minimal invaziv bir prosedurdur.

Bu prosedur zamanı dəridəki kiçik bir kəsikdən təsirlənmiş damara nazik lazer lifi yeridilir. Lazerin verdiyi istilik enerjisi genişlənmiş damarın divarlarını bir-birinə yapışdırır.

Varikoz damarlarının müalicəsində ən müasir üsul sayılan bu texnikada venadaxili damar daimi bağlandığı üçün müalicənin müvəffəqiyyət nisbəti çox yüksəkdir və xəstəliyin təkrarlanma ehtimalı yoxdur.

Adətən tümesan anesteziyadan istifadə edilən lazer müalicəsindən sonra varikoz damarları zamanla kiçilərək yox olur.

Radiofrekans metodu

Son illər varikoz damarlarının müalicəsində istifadə edilən üsullardan biri də radiofrekans metodudur. Bu üsul adətən ümumi və ya lokal anesteziya və ultrasəs nəzarəti altında həyata keçirilir. Tətbiqdən sonra minimal ağrı və göyərmə müşahidə oluna bilər. Müalicədən sonra məşq proqramını axsatmamaq tövsiyə olunur.

Yapıştırma üsulu

Bu üsul lokal anesteziya altında kateter köməyi ilə varikoz damara daxil olunmaqla həyata keçirilir. İstifadə etdiyimiz bioloji yapışdırıcı ilə problemli damar ləğv edilir və qan normal damara yönəldilir. Bu texnikada qanaxma və ya göyərmə kimi ağırlaşmalar müşahidə olunmur və xəstə dərhal normal həyatına qayıdır.

Skleroterapiya və köpük müalicəsi

Skleroterapiya xalq arasında iynə müalicəsi kimi tanınır. Bu üsul, iynə vasitəsilə damara göndərilən dərmanın problemlı damarı donduraraq zərərsizləşdirməsinə əsaslanır. Ana damarlara tətbiq edilə bilməz. Yalnız səthi kapilyarlara tətbiq oluna bilər.

Köpük müalicəsi hazırda varikoz damarlarının müalicə metodları arasında ən çox istifadə edilən üsuldur. Klassik iynə terapiyasında istifadə olunan dərmanın hava ilə təmas etdikdən və köpükləndikdən sonra problemli damara yeridilməsi prosesidir.

Köpük müalicəsinin skleroterapiyadan əsas fərqi çox az miqdarda dərman istifadə etməsi və böyük damarlara daha sürətli təsir göstərməsidir. Damara yeridilən dərmanla damar donub təsirsiz hala gəlir. Varikoz damarlarının digər müalicə üsulları ilə müqayisədə çox daha rahat bir prosesdir.

Varikoz damarlarının müalicəsində kompressiya corablarının istifadəsi

Qan dövranı pozğunluğu və venoz çatışmazlıq nəticəsində yaranan varikoz damarlarının müalicəsini dəstəklədiyi üçün kompressiya (sıxılma) corablarının istifadəsi tövsiyə olunur. Kompressiya corabları həkim nəzarəti altında istifadə edilməlidir. Gün içərisində davamlı olaraq istifadə edilməli və səhər yataqdan qalxmazdan əvvəl geyinilməlidir.