Beyin anevrizmalarının müalicəsi

Beyin anevrizmalarının invaziv yolla müalicəsi
Beyin anevrizması - beyin damarlarının genişlənməsi və nəticədə damarın bir hissəsində balonabənzər formanın yaranması deməkdir.
Beyin damarlarındakı anevrizmalar yaranma səbəbləri, yerləşmə, formalarına görə bir neçə qrupa ayrılırlar: travmatik, dar boyunlu, geniş boyunlu, incə divarlı, tromboz, böyük, aterosklerotik anevrizma və s.
Anevrizma yaranma səbəbləri
Beyin damarlarının strukturu, bədəndəki digər damar strukturundan fərqlidir. Beyin damarlarındakı qatlar bəzi insanlarda əskik və ya daha zəif olur. Anevrizmalara məhz bu tip zəif qatlı damarlarda daha çox təsadüf olunur.
Beyin anevrizmalarına daha çox hallarda anadangəlmə damar problemləri səbəb olur. Buna baxmayaraq 40-60 yaşındakı pasiyentlər arasında beyin anevrizmaları daha çox müşahidə olunur və bəzən hətta ani beyin qanaması ilə nəticələnir.
Beyin anevrizmalarının risk faktorları dedikdə, əlbəttə ilk növbədə genetik faktor durur. Anevrizmalara səbəb olan digər faktorlar sırasında: şəkərli diabet, yüksək qan təzyiqi, siqaret və spirtli içki alüdəçiliyi, qanda iltihablanma və sepsis kimi infeksiyalar, baş nahiyəsindən alınmış zərbələri misal göstərmək olar.
Təəssüf ki, beyin anevrizmaları öncədən nadir hallarda hər hansı bir əlamətlərlə özünü büruzə verir. Bu əlamətlərdən biridə - beyin qanamasından 2-3 həftə öncə başlayan güclü baş ağrılarıdır. Amma, bu baş ağrıları daha öncəki ağrılardan fərqli olub, boyun nahiyəsinə də yayılır. Beyin qanamasını önləmək üçün pasiyentdə anevrizma əlamətlərini hiss etdiyiniz zaman mütləq həkimə müraciət edin. Bu pasiyentin daha öncədən əməliyyat olunub, beyin qanaması riskindən və hətta ölümdən qurtulmağına səbəb ola bilər.
Beyin anevrizmalarının (damar genişlənmələri) endovaskulyar (coil embolizasiyası) müalicəsi cərrahi yolla müalicədən dəfələrlə az travmatik və az risklidir. Hətta, International Subarachnoid Aneurysm Trial (ISAT) 1994-cü ildə partlamış serebral anevrizmaların endovaskulyar (coil embolizasiyası) və cərrahi (clipping) müalicə metodlarını müqayisə edərək, endovaskulyar (coil embolizasiyası) müalicə metoduna üstünlük vermiş və yalnız endovaskulyar müalicə imkanı olmadıqda cərrahi yolu məsləhət görmüşdür.
