Dr. İlyas Həsənov, PhD, MD

Ünvan

ATU Tədris Terapevtik Klinikası, Bakı


Mioma müalicəsi

Uşaqlıq Miomalarının Embolizasiyası - Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsidir.

Uşaqlıq mioması – saya əzələdən əmələ gələn xoşxassəli törəmədir. Miomalar heç bir halda xərçəngə çevrilmir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam müəyyən olunmayıb, lakin miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur.

Hal-hazırda uşaqlıq miomasının ideal müalicə metodikası mövcud deyil, bütün metodların öz üstünlükləri və əskiklikləri var. Buna baxmayaraq, uşaqlıq miomasının ən müasir və effektiv müalicə metodlarından olan, uşaqlıq arteriyasının embolizasiyasını (UAE) xüsusən qeyd etmək lazımdır.

UAE (uşaqlıq arteriyalarının embolizasiyası) kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyəsində kiçik dəlikdən bud arteriyasına girilir və nazik xüsusi kateterlərin köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamamilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sovrulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE-dən sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur.

UAE-nin üstünlükləri

  • Bu əməliyyat zamanı orqan çıxarılmır.
  • Cərrahi kəsik aparılmır.
  • Ümumi anesteziyaya ehtiyac olmur.
  • Əməliyyatdan sonrakı reabilitasiya müddəti ortalama 2-3 gün təşkil edir.
  • Kiçik həcmli əməliyyat olduğundan əməliyyat travması cüzidir, buna uyğun olaraq ağırlaşmalar da azdır.
  • Hamiləlik planlaşdıran və hamilə qalmaq funksiyasını bərpa etmək istəyən qadınlar üçün UAE müalicəsi daha məqsədəuyğundur.