Dr. İlyas Həsənov, PhD, MD

Ünvan

ATU Tədris Terapevtik Klinikası, Bakı


Uşaqlıq qanaxmaları müalicəsi

Uşaqlıq qanaxmaları

Uşaqlıq qanaxmalarında ən az ağrılı metodla, cərrahiyyəsiz qanaxmanın dayandırılması

Qadınlarda aybaşı dönəminin 7-10 gün arası olması normaldır. Əgər aybaşı vaxtı mütəmadi deyilsə, qanaxma normadan uzun və ya artıqdırsa, aybaşı vaxtlarında dəyişikliklər olursa, bu, anormal uşaqlıq qanaxmaları ola bilər. Aybaşı dönəmi qanaxma vaxtının ilk günündən başlayır və növbəti aybaşı dönəminin ilk gününə qədər davam edir. Aybaşı dönəmi adətən 28 gün olur, amma bundan daha uzun və ya qısa da ola bilər. Əgər dönəm 35 gündən çox və ya 21 gündən qısa olursa bu artıq anormal aybaşı dönəmi və anormal qanaxma sayılır.

Anormal aybaşı qanaxmaları dedikdə:

  • Aybaşı dönəmi arası (28 günün içində) qanaxmalar
  • Cinsi əlaqədən sonra qanaxma
  • Aybaşı dönəminin hər hansı bir vaxtında damlama şəklində olan qanaxmalar
  • Aybaşı qanamasının normadan çox və ya uzunmüddətli olması

Digər Anormal qanaxmalar:

  • Hamiləlik
  • İnkişafdan geri qalan hamiləlik
  • Uşaqlıqdan kənar hamiləlik
  • Hamiləlikdən qorunma metodlarına bağlı olan qanaxmalar (spiral, hormonal dərmanlar və s.)
  • Uşaqlıq və ya uşaqlıq boynu iltihabları
  • Uşaqlıq miomaları
  • Laxtalanma pozğunluqları
  • Poliplər
  • Müxtəlif tip bədxassəli törəmələr (uşaqlıq-uşaqlıq boynu-vagina)
  • Xroniki xəstəliklər (tiroid, şəkər) zamanı olan qanaxmaları qeyd etmək olar.

Müalicə

Anormal qanaxmanın müalicəsi, qanaxmanın səbəbi, xəstənin yaşı, qanaxmanın şiddəti, gələcəkdə uşaq istəyib istəmədiyinə və buna bənzər bir çox faktorlara bağlıdır. Həkim tərəfindən hormonal və ya digər dərman müalicələri təyin edilə biləcəyi kimi, cərrahi və invaziv metodlar da tətbiq edilə bilər. Müalicənin nəticəsi bir neçə aybaşı keçdikdən sonra məlum olacaq. Əgər pasiyent hamilədirsə, həkim müalicəyə başlamazdan əvvəl lazımi müayinələri təkrarlaya bilər.

Uşaqlıq qanaxmalarında ən az ağrılı, cərrahi kəsiksiz invaziv metodla qanaxmanın dayandırılması:

Çanaq patologiyalarının qanaxmalarında: Keysəriyyə əməliyyatı sonrası, Çanaq orqanlarının bədxassəli törəmələri zamanı, Uşaqlıq boynu hamiləliyi və buna bənzər digər durumlarda qanaxma nəzarət altına alınmazsa, invaziv yolla qanayan damar embolizə edilərək qanaxma dayandırılır.

Uşaqlıq boynu hamiləliyinin invaziv yolla sonlandırılması (uşaqlığın çıxarılmaması şərti ilə)

Uşaqlıqdan kənar hamiləliklər haqqında: Adından da məlum olduğu kimi bu hamiləlik zamanı döl yumurta uşaqlıqdan kənar inkişaf edir. Normal hamiləlik zamanı döl yumurta borulardan keçib, uşaqlığın divarına yapışmalıdır. Amma bəzi səbəblərdən dolayı (bu, ginekoloji müayinələrdən sonra dəqiqləşdirilir) döl yumurta uşaqlığa düşmür və qarın boşluğunun müxtəlif hissələrində inkişaf etməyə başlayır.

Uşaqlıqdan kənar hamiləlik yerləşməsinə görə:

  • Yumurtalıqlarda
  • Borularda
  • Uşaqlıq boynunda
  • Qarın boşluğunda olur.

Ən çox rast gəlinən hal boru hamiləliyi sayılır və risk qrupunda 35 yaşdan sonra qadınlar olur. Boruda gedən hamiləlik inkişaf edərsə boru yırtıla bilər. Bu hamiləliyin sonlandırılması zamanı borular cərrahi əməliyyatla çıxarılır.
Yumurtalıqlarda gedən hamiləlik nəticəsində yumurtalıq travma alır və nəticədə yumurtalıq yırtıla bilər.

Uşaqlıq boynu hamiləliyi ən təhlükəli hamiləliklərdən biridir. Bu hamiləliyin digərlərindən fərqi daha uzunmüddətli ola bilməsidir, bəzi hallarda döl 24-26 həftəyə qədər inkişaf edir, bəzən uşağın sağ qalma şansı da olur, amma eyni zamanda bu hamiləlik çox təhlükəlidir, həm uşağın, həm də ananın ölümü ilə nəticələnə bilər. Uşaqlıq boynu hamiləliyinin sonlandırılması zamanı bir çox hallarda qadının uşaqlığı çıxarılır, bu isə gələcəkdə ana olma şansına son qoyur. Yalnız İnvaziv Radioloji metodla uşaqlığı çıxarılmama şərti ilə uşaqlıq boynu hamiləliyi sonlandırıla bilər.

Uşaqlıqdan kənar hamiləliyin əlamətləri:

  • Qasıq nahiyəsində intensiv sancılar, çox hallarda kəsici ağrılara çevrilir.
  • Tünd rəngdə axıntı, gözlənilməz aybaşı və güclü qanaxma
  • Yüksək temperatur - artıq orqanın yırtılması və daxili qanaxmanın göstəricisidir.

Uşaqlıqdan kənar hamiləliyin sonlandırılması zamanı qadının sağlamlığına minimum travma ilə qurtulması üçün, hamilə olduğundan şübhələndiyi halda ginekoloqa müraciət etməlidir, ultrasəs müayinəsindən keçib dölün həftəsinə görə artıq uşaqlıqda olub olmadığı təyin olunmalıdır, uşaqlıqdan kənar hamiləlik varsa hamiləlik sonlandırılmalıdır. Erkən dövrdə aşkarlanması qadın sağlamlığı üçün və gələcəkdə yenidən hamilə qala bilməsi üçün çox önəmlidir.

Müasir tibbdə minimal invaziv texnologiyalar vasitəsi ilə (Uşaqlıq Arteriyalarının Embolizasiyası) zamanında qanaxmanın qarşısını almaq olur. Beləliklə histerektomiya (uşaqlığın çıxarılması) əməliyyatına ehtiyac qalmır. Uşaqlıq boynu hamiləliyi invaziv radioloji metodla sonlandırıldığı halda qadının yenidən ana olma şansı olur.